Ekspert: "Süni intellektin əsasında insan kapitalı dayanır"

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov Davos İqtisadi Forumu çərçivəsində dünya iqtisadiyyatında gedən proseslərə dair fikirlərini bölüşüb.
O Azad media.az-a açıqlamasında bildirib ki, Davos Forumu müxtəlif maliyyə yollarının və mexanizmlərinin axtarışı üçün mühüm platforma olsa da, hazırda dünya iqtisadiyyatında struktur böhranı daha da dərinləşir:
"Mövcud çağırışlar fonunda transmilli şirkətlər üçün əsas suallara cavab tapmaq baxımından Davos məqbul beynəlxalq meydança kimi çıxış edir. Dünya iqtisadiyyatı hələ pik nöqtəsinə çatmayıb, lakin bu istiqamətdə müəyyən işarələr artıq müşahidə olunmaqdadır"
Professorun sözlərinə görə, regional iqtisadi əməkdaşlığın qlobal iqtisadiyyatda rolunun artması getdikcə əsas məsələyə çevrilir və Davosda keçirilən görüşlər bu istiqamətdə inkişaf ehtimalının yüksək olduğunu göstərir.
Süni intellekt mövzusuna da toxunan Elşad Məmmədov vurğulayıb ki, süni intellektin əsasında insan kapitalı dayanır:
"Eyni zamanda, onun inkişafı ilə bağlı ciddi çağırışlar mövcuddur. Ekspertlərin fikrincə, yaxın dövrdə bir sıra peşələr aktuallığını itirə bilər. Lakin bu, insan kapitalının əhəmiyyətinin azalması demək deyil"
Professor bildirib ki, əksinə, insan kapitalının daha dərin və keyfiyyətli inkişafı tələb olunur ki, cəmiyyət süni intellektlə bağlı çağırışlara adekvat cavab verə bilsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.