Fikrət Yusifov: Azərbaycanın Avropaya qaz ixracı ölkənin iqtisadi mövqeyini gücləndirir

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Azərbaycanın Avropa İttifaqına artan qaz ixracının ölkənin beynəlxalq enerji bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini bildirib.
O, AzadMedia.az-a açıqlamasinda deyib ki, Azərbaycanın Avropaya qaz tədarükünün genişlənməsi ölkəni etibarlı enerji tərəfdaşı kimi möhkəmləndirməklə yanaşı, milli iqtisadiyyatın dayanıqlığını da artırır.
Bu proses Azərbaycanın qlobal enerji xəritəsində strateji rolunu gücləndirir və ölkəyə uzunmüddətli iqtisadi üstünlüklər qazandırır.
Fikrət Yusifov qeyd edib ki, Cənubi Qafqaz regionunda enerji ehtiyatlarına real şəkildə malik olan yeganə ölkə kimi Azərbaycan regional iqtisadi liderliyini möhkəmləndirir. Bu üstünlük ölkəyə həm siyasi-iqtisadi təsir imkanları yaradır, həm də regionun əsas enerji və logistika mərkəzinə çevrilməsini təmin edir.
Professor Avropa bazarını “premium bazar” adlandıraraq vurğulayıb ki, bu bazara çıxış Azərbaycan üçün daha yüksək gəlirlər, stabil valyuta axını və yeni investisiya imkanları deməkdir. Onun fikrincə, Avropa İttifaqı ilə enerji əməkdaşlığı Azərbaycanın qeyri-neft sektoruna investisiyaların cəlb olunmasını da sürətləndirə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.