Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası sevindirici xəbərdir. "Ağəz fırrey", - deyib ortaya düşənləri çox qınamadım buna görə. Amma açıqlanan qiymətlər və bu qiymətlərin təqdim olunma forması eyforiyaya qapılanları narahat etmədiyi üçün bəndəniz bu yazını yazdı.
Azərbaycan Dəmir Yolları QSC bildirir ki, Bakı–Tbilisi istiqamətində birtərəfli bilet 81 manatdan başlayacaq. “Başlayacaq” ifadəsi ən ucuz yerin qiymətidir. Yəni real satışda sərnişinin qarşılaşacağı məbləğin daha yüksək olacağı indidən bəllidir. Üstəlik, qiymətlərə həftə sonu, bayram günləri, yer seçimi və İsveçrə frankının məzənnəsi də təsir edəcək. Başqa sözlə, sərnişin hələ bileti almamış qiymətin nə qədər şişəcəyini düşünməlidir.
Azərbaycan Dəmir Yolları QSC qiymət siyasətini beynəlxalq tariflər, valyuta məzənnəsi və “əmsallar”la izah etməyə çalışır. Amma əsas sual açıq qalır: Azərbaycan vətəndaşı üçün bu marşrut həqiqətən əlçatandırmı?
Bu qədər ictimai maraq doğuran məsələ ilə bağlı ADY-nin bu gün brifinq keçirməsi gözlənilirdi. Amma yenə klassik mənzərə ilə qarşılaşdıq: məlumat əvvəl Gürcüstan mediasında yayıldı, sonra isə Azərbaycan Dəmir Yolları QSC gecikmiş və bəsit press-reliz paylaşmaqla kifayətləndi.
Təəssüf ki, Orta Dəhlizin üzərində yerləşən dövlətin qurumu ictimai müzakirədən yayınmağa davam edir. Halbuki söhbət sadəcə qatarın hərəkətindən yox, vətəndaşın cibindən çıxacaq vəsaitdən gedir. Belə məqamlarda “ütülü suallar” üçün təşkil olunan qapalı media görüşləri yox, bütün jurnalistlərin iştirak edə biləcəyi açıq brifinq keçirilməlidir.
Suallar çoxdur:
- 81 manat başlanğıc qiymətdirsə, sərnişin real olaraq neçə manat ödəyəcək?
- Niyə məlumat ictimaiyyətə operativ və şəffaf şəkildə təqdim edilmir?
- Nə üçün dövlət qurumu yenə media ilə dialoqdan qaçır?
- Baqaj məsələsi necə tənzimlənəcək?
Qatarın yola düşməsinə sayılı günlər qalsa da, bir çox suallar cavabsız qalıb.
Brifinq olmadı. Bu sualları vermək həm medianın, həm də qatardan istifadə etmək istəyənlərin haqqıdır. Cavabımızı kim verəcək, onu zaman göstərər.
Elnurə Abuşova