Türkiyədə inşa edilən Akkuyu Atom Elektrik Stansiyası üçün nəzərdə tutulan dörd enerji blokunun fəaliyyəti üçün vacib avadanlıqlar artıq ölkəyə çatdırılıb.
“Akkuyu Nükleer” şirkətinin məlumatına görə, bütün dörd enerji blokunun reaktor zalları üçün əsas avadanlıqlar – reaktor korpusları və buxar generatorları istehsal edilərək Türkiyəyə gətirilib.
Bildirilib ki, Rosatom gələcək atom elektrik stansiyasının bütün enerji blokları üçün ümumilikdə 7 min tondan artıq avadanlıq hazırlayıb. Bunlara yeni nəsil VVER-1200 tipli dörd reaktor korpusu və 16 buxar generatoru daxildir.
Avadanlıqlar dəniz yolu ilə təxminən 3 min kilometrlik marşrut üzrə daşınıb.
Şirkət qeyd edib ki, dördüncü enerji bloku üçün avadanlıq dəstinin çatdırılması layihənin istehsal və logistika zəncirinin sabit işlədiyini göstərir. Tikinti konstruksiyaları hazır olduqca, növbəti montaj mərhələləri üçün tələb olunan avadanlıqlar stansiya ərazisinə çatdırılır.
Mütəxəssislərin sözlərinə görə, bu avadanlıqlar “Akkuyu” AES-in bütün obyektlərində tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün vacibdir.
Xatırladaq ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar daha əvvəl stansiyanın birinci enerji blokundan elektrik enerjisinin verilməsinin cari ilin oktyabr ayında başlaya biləcəyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.