Türkiyə 2026-cı ilin may ayında 322,1 milyon ABŞ dolları dəyərində təzə meyvə və tərəvəz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur.
Bu barədə Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Bülənt Sarıkaya məlumat verib. Onun sözlərinə görə, təkcə rəhbərlik etdiyi birlik may ayında 165,6 milyon dollarlıq ixrac həyata keçirərək sektorun ümumi ixracının 51 faizini təmin edib.
May ayında ixracın əsas məhsulu şaftalı olub. Şaftalı ixracı ötən illə müqayisədə 128 faiz artaraq 132,5 milyon dollara çatıb və ümumi təzə meyvə-tərəvəz ixracının 41 faizini təşkil edib.
Sarıkaya bildirib ki, şaftalıya yüksək tələbat əsasən İraq və Rusiya bazarlarından gəlib. İraqa ixrac 56 faiz artaraq 111,3 milyon dollara yüksəlib və bu ölkə Türkiyənin ən böyük ixrac bazarı olaraq qalır. Rusiya isə 87,9 milyon dollarlıq idxalla ikinci yerdə qərarlaşıb.
Ərik ixracı da 10 faiz artaraq 49,7 milyon dollara yüksəlsə də, göstəricilərinə görə şaftalıdan geri qalıb.
Qeyd edək ki, 2025-ci ildə Rusiyaya ən çox alma ixrac edən ölkə Azərbaycan olub. Azərbaycan həmin il Rusiya bazarına 60 milyon dollar dəyərində alma ixrac edib. İlk beşlikdə Çin, Serbiya, Moldova və Cənubi Afrika Respublikası da yer alıb. Türkiyə, Gürcüstan və Qazaxıstan da Rusiyaya alma tədarük edən ölkələr sırasındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.