Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.
APA xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.
Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub:
"Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər.
Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər".
Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.