Bank of Baku” çökür: İflas bayrağını qaldırır?
"Bank of Baku” 2016-cı il üzrə audit hesabatını saytında yerləşdirib.
Sfera.az bankın hesabatına istinadən xəbər verir ki, "Bank of Baku”da vəziyyət daha da pisləşib. Göründüyü kimi, bank ilbəil kiçilir, gücü azalır. Bundan başqa, cəmiyyətdə sözügedən bankın digər banklardan birinə birləşəcəyi barədə xəbərlər yayılıb.
Hesabatdan məlum olur ki, "Bank of Baku” 2016-cı ili 54 milyon 536 min manat zərərlə başa vurub. Bank 2015-ci ildə 37 milyon 345 min manat zərər edib. 2015 və 2016-cı illərdə bankın cəmi 91 milyon 881 min manat zərəri var. 2015-ci ildə 174 milyon 837 min manat faiz gəliri əldə etmiş bank, 2016-da 66 milyon 469 min manat faiz gəliri qazanıb. Bir sözlə, kreditlərin verilməsindən bankın gəliri kəskin azalıb.
Beləliklə, bankın aktivləri 700 milyon 612 min manatdan, 509 milyon 261 min manata, cəmi kapitalı isə 58 milyon manatdan 3,5 milyon manata düşüb. Yəni bankın öz kapitalı demək olar ki, yoxdur. Buna görə lisenziyası da alına bilər. Çünki banklara kapital tələbi 50 milyon manatdır. Müştəriləri "Bank of Bakuda”kı hesablarında olan pullarını çıxardırlar. "Bank of Baku”da müştərilərin pulları 444 milyon manatdan 292 milyon manata azalıb. Şirkətlər və əhali "Bank of Baku”dan kənar dururlar. Belə desək, əgər bank başqa bir banka birləşməsə və yardım olunmasa iflas bayrağını qaldırmaq məcburiyyətində olacaq.
Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı sözügedən bankın mövqeyini dərc etməyə hazırıq.