Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir.
31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi Xan Qərvənd kəndini əhatə edən istiqamət və Tap Qaraqoyunlu kəndinə qədər olmaqla 2 istiqamət üzrə aparılır.
Sözügedən istiqamətlər üzrə yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Çünki yolların bu cür vəziyyətdə olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol dövlət başçısının tapşırığı ilə respublikada təmir və tikintisinə ehtiyac olan yolların siyahısına daxil edilərək burda təxirəsalınmaz tədbirlərin icrasına start verildi.
Avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yolun genişləndirilməsi işləri aparılıb. Ardınca torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Artıq layihənin Əlirzalı və Xan Qərvənd ərazilərini əhatə edən hissələrində işlər yekunlaşıb. Yeni Yol və Təhlə kəndləri ərazilərində isə artıq asfalt-beton döşənməsi işləri icra olunub, hazırda yolun çiyin hissələrinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Aşağı Ballıqaya, Nərimanlı, Zeynallı ərazilərində isə yol əsasının tikintisi həyata keçirilir.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılıb.
Ardıcıllığa uyğun olaraq yuxarıda qeyd edilən işlərin bitdiyi ərazilərdə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri aparılır. Bu çərçivədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənərək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir.
Qeyd edək ki, layihəyə uyğun olaraq Səfikürt və Əlirzalı kəndləri ərazisində istismar müddətini başa vurmuş iki mövcud dəmir-beton körpülərin təmiri nəzərədə tutulurdu ki, artıq bu bərpa işləri də yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.