AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsmayıllı rayonunda qədim tarixə malik kəndlərə aparan yollar yenidən qurulur

  • + A
  • - A
  • 12-07-2021, 15:33


    Dövlət başçısının sərəncamına əsasən, İsmayıllı rayonunda 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanan layihə əsasında ümumi uzunluğu 25 kilometr olan yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir. Sözügedən istiqamətlərdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması normal gediş-gəliş üçün problemlər yaradırdı.

    Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işləri aparılır. İşlər zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

    Yollar boyu yararsız qrunt qazılıb kənarlaşdırılıb, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə qaldırılıb. Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Artıq Qıçatan, Tağlıbiyan və Kəlfərəc kəndləri ərazisində asfaltlanma işləri yekunlaşıb.

    Hazırda layihənin Mücü və Xankəndi kəndləri hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir. Kərəzi, Sərsurə, Sulut yollarında isə lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir.



    Görülən işlər çərçivəsində yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunaraq, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin Mücü, Xankəndi, Zeyvə və Sulut kəndləri ərazisində yerləşən körpülərin təmiri layihə üzrə həyata keçirilir. Artıq Mücü kəndi ərazisində yerləşən 30 metr uzunluğunda 1 aşırımlı körpünün təmiri yekunlaşıb.
    Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək.
    Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq.
    Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün avtobus dayanacaqları inşa ediləcək, yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR