Belçikada “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”QSC ilə Antverpen Beynəlxalq Limanının birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsində “Bakı Metropoliteni” QSC də təmsil olunub.
Azərbaycanın müxtəlif dövlət və özəl qurumlarının təhlükəsizlik üzrə cavabdeh 12 rəhbər şəxsi arasında yer alan metropolitenin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) şöbəsinin rəisi Nəriman Mantaşev qeyd edir ki, Avropanın ikinci ən böyük limanının bir sıra sahələrdə təcrübəsi Bakının yeraltı ictimai sərnişindaşıma nəqliyyatının da işi baxımından diqqət çəkib.
Tədbirlər zamanı “Böhranlı hallar və təhlükəli yüklərin idarə edilməsi” mövzusu üzrə seminarlar, eləcə də yanğınsöndürmə sahəsində işin təşkili, müasir idarəetmə metodları və avadanlıqları ilə yaxından tanışlıq, ən əsası, təhlükəsizlik, mühafizə, yoxlama-nəzarət kimi mövzularda Avropada istifadə edilən müasir prinsiplər, tətbiq üsulları ilə bağlı geniş fikir və təcrübə mübadiləsi aparılıb.
Bütün bunlarla yanaşı, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından da tədbirlər faydalı keçib.
Nəriman Mantaşev tədbir təşkilatçılarına Bakı metropoliteninin təcrübəsi barədə də geniş məlumat təqdim edib. Ümumiyyətlə, Bakı metropolitenində tətbiq edilən bir sıra qabaqcıl təcrübələr, innovasiyalar Antverpen şəhərinin aidiyyəti strukturlarının diqqətini çəkib. Təcrübə mübadiləsi əsasında gələcəkdə qarşılıqlı fəaliyyət və əlaqələrin genişləndirilməsi üçün zəmin olduğu xüsusi vurğulanıb.
Təlimlərin uğurla keçirilməsinə dair iştirakçılara sertifikatlar təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.