“Azəriqaz” İstehsalat Birliyi dövri yoxlama müddəti çatmış əvvəlcədən ödənişli və sonradan ödənişli sayğacların əvəzlənməsi prosesini davam etdirir. Prosesdə qarşılıqlı iştirakı təmin etmək üçün hər bir abonentə SMS müraciət göndərilir. Yəni istehlakçı əvvəlcədən xəbərdar olur ki, onun sayğacının əvəzlənməsi vaxtı çatıb. Son günlər SMS müraciətlərimizdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub. Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən “Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “Sizin sayğacınızda problem var. Cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” - deyərək pul tələb ediblər. Abonentlərdən xahiş edirik ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.