AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan büdcəsi inkişaf yox, istehlak büdcəsinə çevrilir” - NƏ ETMƏLİ?

  • + A
  • - A
  • 13-09-2021, 08:52


    2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla, 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılır. Bu vəsaitin yarıdan çoxu – 52,4 faizi Dövlət Neft Fondundan birbaşa transfert hesabına formalaşacaq. Hökumətin icmal büdcə ilə bağlı proqnozuna görə, Fonddan daxilolmalar mərhələli şəkildə azaldılaraq 2025-ci ildə 10 milyard manat civarında olacaq.

    Neft gəlirlərinin ilbəil azaldığını nəzərə alsaq, Fond üçün bu xərcləri ödəmək aktivlərin əriməsinə gətirib çıxara bilərmi?

    Aktual suallardan biri də hökumətin 28,9 milyardı necə xərcləməyi planlaşdırdığı barədədir.

    İqtisadçı alim Qubad İbadoğlu “Press Klub”a şərhində bildirdi ki, gələn ilin büdcəsinin hər 100 manatından 18 manat 64 qəpiyi iqtisadi fəaliyyətə; 15 manat 53 qəpiyi müdafiə və təhlükəsizliyə; 12 manat 91 qəpiyi təhsilə; 12 manat 37 qəpiyi sosial müdafiə və təminata; 8 manat 38 qəpiyi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa; 8 manat 11 qəpiyi dövlət aparatının saxlanmasına; 6 manat 60 qəpiyi xarici borclara xidmətə; 5 manat 68 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə; 4 manat 98 qəpiyi səhiyyəyə; 3 manat 40 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa; 1 manat 58 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə; 98 qəpiyi ətraf mühitin mühafizəsinə; 86 qəpiyi mənzil-kommunal təsərrüfatına; 69 qəpiyi isə elmə xərclənəcək.

    Neft Fondundan büdcəyə transfertin həcminin aktivlərə təsirinə gəlincə, ekspert bunları söylədi:

    “Maliyyə Nazirliyinin açıqlamasından bəlli olur ki, Dövlət Neft Fondunun aktivlərinin uzunmüddətli dövrdə dayanıqlılığını təmin etmək məqsədilə növbəti illərdə Fonddan büdcəyə transfertlər hamar və mərhələli şəkildə azaldılacaq. Amma proqnoz göstəricilərindən bunun əskini görmək olur. Belə ki, Fonddan büdcəyə transfertlərin azalması yüz milyonlarla proqnozlaşdırıldığı halda, Fondun gəlirləri ilə xərcləri arasında fərq milyardlarla ölçülür. Belə olan halda, mövcud fiskal siyasət aktivlərin daha sürətlə əriməsinə gətirib çıxaracaq”.

    Q.İbadoğlu hesab edir ki, bunun qarşısını almaq üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənməsinə nail olmaq lazımdır:

    “Bu isə açıqlamada təsdiqini tapmır. Belə ki, 2022-ci il üçün büdcə gəlirlərinin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini ARDNF-dan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi proqnozlaşdırılır. Bunlar açıq və birbaşa mənbələrdir. Bununla yanaşı, büdcəyə qarışıq və dolayı mənbələrdən də neft pulları daxil olur. Onu da nəzərə alanda büdcə gəlirlərində birbaşa və dolayı neft gəlirlərinin payı 60 faizə qədərdir. Hesab edirəm ki, bu da dövlət büdcəsinin neft gəlirlərindən ciddi asılılığının davam etməsinin təsdiqidir”.

    Ekspert təəssüflə qeyd etdi ki, bu asılılığı 2015-2016-cı illərdə azaldan hökümət sonradan yenə də Neft Fondundan transfertlərin artırılması siyasətini dəstəklədi.

    Büdcə xərclərinə gəlincə, Qubad İbadoğlu xatırlatdı ki, növbəti il xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək:

    “Baxın, büdcənin ən yaxşı halda 47,6 faizi qeyri-neft gəlirləri hesabına təmin olunarsa, bu mənbədən daxilolmalar büdcənin 68,7 faizlik cari xərcilərinin heç 75 faizini belə örtmür. Yəni əgər büdcəyə neft pulları daxil olmazsa, onda bizim qeyri-neft gəlirlərimiz hətta cari xərcləri belə örtə bilmir. Bu isə büdcənin ciddi dayanıqlılıq problemi sayıla bilər. Bu açıqlamada diqqəti cəlb edən və gələn ilin büdcəsini builkindən fərqləndirən cəhətlərdən biri də büdcənin cari xərclərinin artırılması, iqtisadi fəaliyyətlə bağlı xərclərinin azaldılmasıdır. Əslində bu, büdcənin istehlak yönümünü gücləndirən dəyişiklikdir. Bu isə o deməkdir ki, bu siyasətlə Azərbaycan büdcəsi inkişaf büdcəsindən çox, istehlak büdcəsinə çevrilir. Belə olan halda, inkişafı özəl bölmə hesabına təmin etmək tələb olunur. Bu isə özəl bölməyə vergi, gömrük və digər ödənişlər üzrə təşviqlər və stimullar verməklə mümkündür. Baxın, bir tərəfdən qeyri-neft sektorundan daxilolmaları özəl bölmənin vergi və digər məcburi ödənişlər hesabına artırmaq, digər tərəfdən də büdcədən əsaslı kapital qoyuluşuna yönələn vəsaiti azaltmaqla onu da özəl bölmənin sərmayələrini təşviq etməklə artırmaq nəzərdə tutulur. Bu isə bir-biri ilə ziddiyət təşkil edir. Bu açıqlamada ziddiyyətli məqamlar çoxdur”. //pressklub.az//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR