AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qiymət artımları dalğa-dalğa gəlir… - NƏ ETMƏLİ?

  • + A
  • - A
  • 15-09-2021, 08:47


    Azərbaycanda 2021-ci ili mübağiləsiz “bahalaşma ili” adlandıra bilərik. 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra ən çox qiymət artımları məhz cari ildə baş verib. Nə qədər paradoksal görünsə də, neft-qaz ölkəsində ən çox bahalaşan da elə yanacaq məhsullarıdır…

    Bu il yanvarın 4-də Tarif Şurasının qərarı ilə Aİ-92 oktanlı benzin 90 qəpikdən 1 manata, dizel yanacağı isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Daha sonra xaricdən idxal edilən “Aİ-95” (Premium) və “Ai-98” (Super) markalı benzinin qiyməti də bir neçə dəfə artırılıb. Belə ki, iyunun 2-də “Aİ-95”in qiyməti 1,25 manatdan 1,40 manata, “Aİ-98”in qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib. 31 iyulda bu yanacaq növlərinin qiymətində növbəti artım baş verib: “Aİ-95” 1,45 manata, “Aİ-98” isə 1,60 manata qədər bahalaşıb.

    Amma görünür, bu da kifayət etməyib.

    Sentyabrın 15-dən etibarən Premium və Super markalı benzinlərin qiyməti növbəti dəfə artırılır. Belə ki, “Aİ-95” benzini 1,60 manat, “Aİ-98” isə 1,90 manatdan satılacaq. Verilən izahatda qeyd olunur ki, adıçəkilən yanacaq növlərinin qiyməti dövlət tərəfindən tənzimlənmir, xaricdən idxal edilir və bahalaşmaya beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

    Qeyd edək ki, Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzin növləri idxal rüsumlarından və aksiz vergisindən azad olunub. İdxalçılar ölkədə istehsal olunmayan bu məhsulları əsasən Rumıniya, Rusiya və Belarusdan gətirirlər.

    Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernləşdirmə işləri 6 ildir davam edir və gələn ilin ikinci yarısında başa çatması planlaşdırılır. Layihə çərçivəsində zavodun illik emal gücünün artırılması və “Euro-5” standartlarına cavab verən yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulmuşdu. Amma göründüyü kimi, zavodun işə düşməsi ləngiyir və bu da Azərbaycan istehlakçılarına olduqca baha başa gəlir. Əslində bu qədər uzun müddətdə rekonstruksiya işlərinin başa çatdırılmaması da xeyli müəmmalıdır və SOCAR tərəfindən bununla bağlı ictimaiyyətə doğru-dürüst məlumat verilməyib.

    Daha bir sual ondan ibarətdir ki, “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, amma necə olur ki, bu bazarda rəqabətli qiymətlər formalaşmır, ölkənin hər yerində istehlakçılara eyni qiymət diktə edilir?

    Ekspertlər bildirirlər ki, ölkədə sayı 1000-ə çatan yanacaqdoldurma məntəqəsinə sahib olan şirkətlər və hüquqi şəxslər arasında kartel sövdələşməsi var. Bazar iştirakçıları malın qiymətini eyni gündə, eyni saatda qaldırmaq haqda “centlmen razılaşması” əldə etsələr də, hökumət bu qanunsuzluğa seyrçi mövqedə qalır.

    Ölkədə istehsal olunan, yaxud idxal edilən əksər ərzaq və qeyri-ərzaq məshullarının maya dəyərində yanacaq əhəmiyyətli yer tutur. Bu səbəbdən ilin əvvəlində baş verən qiymət artımından sonra Azərbaycanda növbəti bahalaşma dalğası start götürüb. Bəzi ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin, sürtgü yağlarının qiymətində sıçrayış qeydə alınıb. Bu da şübhəsiz ki, pandemiyanın yoxsullaşdırdığı əhalinin güzəranını daha da pisləşdirir. Nəzərə alsaq ki, son il yarımda işsizlik artıb, xidmət və ticarət sektoru faktiki olaraq, çöküb və onların dirçəlməsi hələ ki baş verməyib. Hökumət real sektordakı vəziyyəti nəzərə alıb, əhalini böhranlı vəziyyətdən çıxarmaq istiqamətində qərarlar qəbul etmək əvəzinə, monopolistlərin maraqlarına xidmət edir. //pressklub.az//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR