"Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri "Açıq mikrofon" aksiyası çərçivəsində Siyəzən şəhərində sahibkarlarla növbəti dəfə görüş keçiriblər. Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev çıxış edərək bundan öncə keçirilən görüş zamanı daxil olan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Birliyin baş direktoru Ruslan Əliyevin göstərişinə əsasən yenidən bu ünvanda aksiyanın keçirilməsinin vacibliyini vurğulayaraq yaranan, sahibkarları narahat edən məsələlərdə onlara köməklik ediləcəyini bildirib. Sahibkarlıq subyektləri bu cür aksiyaların davamlı şəkildə təşkil edildiyi, yaranan problemlərin qısa zamanda həllini tapdığı üçün Birlik rəhbərliyinə təşəkkür ediblər. Hər zaman olduğu kimi "Səyyar qəbul otağ"ı sahibkarlarla yanaşı, vətəndaşların da ixtiyarında olub. Ağbaş, Kiçik Həmyə və Zarat kəndlərinin sakinləri də aksiya baş tutan ünvana üz tutublar. Onlar yeni yaşayış massivlərinin qazlaşdırılmasını Birlik rəhbərliyindən xahiş ediblər. Görüşdə həmçinin Birliyin digər struktur bölmələrinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər.
Qeyd edək ki, bu, Siyəzən sahibkarları ilə təşkil olunan sayca 2-ci görüşdür. Bundan öncə, ötən il oktyabr ayının 28-i Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov sahibkarlarla görüşərək onların problemləri ilə maraqlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.