Kəlbəcər rayonu gözəl oluğu qədər çətin relyefi, əsasən dağlıq ərazilərdən ibarət olduğundan burda qış həm də çox sərt keçir. Çovğun və külək nəticəsində, təmizlənmiş yollar qısa müddətdə yenidən qarla örtülür.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rayon ərazisində çətin iqlim şərtlərinə baxmayaraq dayanmadan və usanmadan xidmətini davam etdirir.
Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.
Yüzlərlə kilometr uzunluğa malik yolların qardan və buzdan təmizlənməsi işlərini tənzimləmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər rayonunda qərargah və 21 istiqamətdə dayaq məntəqələri yaradılıb. Qərargah və dayaq məntəqələri sərt iqlimə uyğun lazımi avadanlıqlarla təchiz edilib, ərzaq, yanacaq-sürtkü, duz-qum ehtiyyatları ilə təmin olunub.
Bundan başqa maşın-mexanizm və texnikaların fasiləsiz xidmətini, işçilərin isinməsi və istirahəti təşkil etmək üçün xüsusi xidməti sahələr və yaşayış düşərgələri də yaradılıb. Yetəri qədər yemək və içməli su ehtiyyatı görülüb, işçilərə isti geyimlər verilib. Bərabər olaraq bütün işçilərin ezamiyyə xərcləri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin diqqət mərkəzindədir.
Qarın kürənməsi, yolların qar uçqunundan təmizlənməsi işlərinin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm və texnika təhkim olunub, xidməti qrup yaradılıb. Xidməti qrupun tərkibində çalışan çilingər ustaları, mexaniklər tərəfindən təmirə ehtiyacı olan maşın-mexanizmlərə texniki servis işləri yerindəcə aparılır, rezin təkərli mexanizmlər zəncirlərlə təmin edilir. Maşın-mexanizm və texnikaların, həmçinin xidməti sahələr və yaşayış düşərgələrində olan işıq generatorların fasiləsiz çalışması üçün ərazilərə yanacaq daşıyan maşınlar təhkim edilib.
Kəlbəcər rayonu ərazisində yerləşən və rayona gələn bütün yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fasiləsiz nəzarəti altında saxlanılır. Lazım olduqca yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülməklə avtonəqliyyat vasitələrinin normal, təhlükəsiz və fasizləsiz hərəkəti təmin olunur və olunmağa davam etdirələcəkdir.