Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası "Teknopark İstanbul"un Baş İcraçı Direktoru Bilal Topçu ilə görüşüb.
Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, elektron hökümətin inkişafı və sosial innovasiyalar sahəsində görülən işlər barədə məlumat verib. Dövlət Agentliyi ilə “Teknopark İstanbul" arasında innovasiya sahəsində birgə fəaliyyətin qurulmasının iki qardaş ölkə arasında yeni əməkdaşlıq imkanlarının açdığını qeyd edib.
Bundan əlavə Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Sonra qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub və 30-dan artıq startap nümayəndəsi ilə görüşüb.
Görüş çərçivəsində Bilal Topçu Azərbaycan startapları üçün "Teknopark İstanbul"da mövcud olan imkanlar, dəstək və xidmətlərlə bağlı təqdimatla çıxış edib və yerli startapçıların innovativ sahibkarlığın inkişafı ilə bağlı fikirlərini dinləyib və suallarını cavablandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.