“AZƏRİQAZ” İB-DƏ ÖTƏN AYIN HESABATI VERİLDİ“Bu ilin fevral ayında “Azəriqaz” İstehsalat Birliyi ümumilikdə 980 milyon kubmetr qaz qəbul edib”.
Azadmedia az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib. Onun sözlərinə görə, bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 13,3% çoxdur: “Ötən ay sənaye xətləri üzrə 208 milyon kubmetr, əhali xətləri üzrə isə 772 milyon kubmetr qaz qəbul edilib. 2021-ci ilin fevral ayı ilə müqayisədə müvafiq olaraq 13,3 milyon kubmetr qaz qəbulunda artım qeydə alınıb”. Birlik rəhbəri bildirib ki, əhali xətləri üzrə isə 66 milyon kubmetr azalma müşahidə olunub. Bu da bu ilin fevral ayında havaların daha isti keçməsi ilə əlaqəli ola bilər: “Qeyri-əhali xətləri üzrə 79 milyon kubmetr artım qeydə alınıb”- deyə vurğulayıb.
Yeni abonentlərin sayına gəldikdə isə bildirilib ki, bu ilin fevral ayı ərzində 4 min 868 yeni abonent qeydiyyata alınıb. Bunun 4 min 557-i əhali sektoru üzrə, 311 abonent isə qeyri-əhali üzrədir. Bununla da “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin sayı 2 milyon 452 min 924-ə çatıb.
Limit məsələsinə toxunan Birlik rəhbəri bu ilin yanvar-fevral ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 80,4 %-i, yəni 1 milyon 941 min 339 abonent təbii qazdan aşağı tariflə istifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə, aşağı tariflə təyin olunmuş limiti aşmış abonentlərin sayı ümumi abonentlərin 19,6 %-ni, yəni 474 min 164 abonent təşkil edir.
Baş direktor bu ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində 7,2 % və ya 71 milyon kubmetr qaz itkisi olduğunu mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 2,7 %, yəni 25 milyon kubmetr azdır.
Məlumat üçün bildirilib ki, ötən ay ölkə üzrə 83 km yeni qaz xətti çəkilib. Bunun da 15,4 km-i Bakı və Abşeronda həyata keçirilib. Digər 68 km qaz xətləri isə regionlarda çəkilib.
Bundan əlavə Ruslan Əliyev görüş zamanı media nümayəndələrinin suallarına aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkələr üzərindən daxil olan suallarda Birlik rəhbəri tərəfindən cavablandırılıb.