Mayın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə pandemiyadan sonra turizmin canlanmağa başladığını və bu ilin ilk 4 ayı ərzində gələn xarici vətəndaşların ötən illə müqayisədə 103% çox olduğunu bildirib.
Agentlik sədri gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi bazarlarla yanaşı, yeni hədəf bazarlarda təbliğat işini gücləndirməyin əhəmiyyətini diqqətə çatdırıb.
O, həmçinin ölkəmizə uçuşların sayının artırılması, daha çox ölkə ilə vizasız gediş-gəliş, sərhədkeçmə prosedurlarının asanlaşdırılması kimi amillərin gəlmə turizmi üçün xüsusilə vacib olduğunu vurğulayıb.
Görüşdə yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu ölkələr üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub.
Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanla həftədə 13 dəfə, BƏƏ ilə həftədə 36 dəfə, Küveyt və Qətərlə həftədə 7 dəfəyədək olan birbaşa uçuşların yay mövsümü üçün daha da artırılması planlaşdırılır.
Fuad Nağıyev pandemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün sənayeni birgə fəaliyyətə, hər zamankı kimi tolerant yanaşma, keyfiyyətli xidmət və yüksək biznes etikasına əməl etməyə çağırıb.
Qeyd edək ki, görüşdə turizm agentlikləri, hotellər və turizm assosiasiyalarından olmaqla 60-dan çox sənaye nümayəndəsi iştirak edib. Tədbirdə sənaye nümayəndələri ilə müzakirələr aparılıb, onların aidiyyəti sualları cavablandırılıb.