Lənkəranın Boladi kəndinin sakinlərinin əkdiyi taxıl sahələri hər an məhv ola bilər.
Boladi fermerlərinin AzToday.az-a göndərdiyi şikayətdə bildirilir ki, əkdikləri taxıl sahələrindən keçən 10 min voltluq çürük naqillər və istifadə müddəti bitmiş işıq dirəkləri ciddi təhlükə mənbəyidir.
Onların sözlərinə görə, yüksək gərginlikli işıq xətlərinin yararsız olması səbəbindən sahələrə heç bir texnika girə gilmir:
“10 min voltluq elektrik xətləri ilə yer arasında məsafə bəzi yerlərdə 2 metrəyə qədər azalır. 20-25 günə taxıl yetişəcək. Taxıl yetişənə yaxın sahəyə ani bir qığılcım düşsə, 150 hektardan çox buğda sahəmiz tamamilə yanıb kül olacaq. Yararsız elektrik naqillərinə görə, bu il torpaqlarımızda qarğıdalı və məhsullar əkə bilmədik…”.
Fermerlər üzləşdikləri təhlükə ilə bağlı müvafiq qurumlara müraciətlər etdiklərini, amma heç bir tədbir görülmədiyini deyirlər:
“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 10 min voltluq elektrik xətlərinin yararsız olması və təcili dəyişdirilməsi ilə bağlı rəy veriblər. Amma “Azərişıq” ASC-nin regional idarəsi heç bir tədbir görmür. Dəfələrlə regional idarənin rəisi Arif Məmmədovun qəbulunda olmuşuq. Sonuncu dəfə iki gün əvvəl Arif Məmmədovun qəbuluna getdik, o bizə bildirdi ki, idarənin işıq xətlərini dəyişmək üçün vəsaiti yoxdur. Bu səbəbdən də heç bir zaman elektrik xətlərinin dəyişdirilməsi ilə bağlı göstəriş verməyəcəyini dedi. Açıq çəkildə bizə dedi ki, hara istəyirik şikayət edə bilərik…”.
Boladi sakinlərinin sözlərinə görə, oxşar problem Lənkəranın başqa yerlərində də olub, amma “Azərişıq” ASC-nin regional idarəsi bizə məlum olmayan səbəblərdən həmin yerlərdə yararsız elektrik xətlərini dəyişdirib: “Yəqin, Arif Məmmədov Boladi sakinlərinin üzləşdiyi təhlükədən şəxsi maraqları üçün faydalana bilməyəcəyindən problemi həll etmir…”
Dünyada yaşanan taxıl böhranına diqqət çəkən fermerlər dövlətdən kömək istəyirlər:
“Dolanışığımız əkindən çıxır, onlarla ailə məhz buradan dolanır. Müvafiq qurumlar bizə kömək etmək əvəzinə, əksinə problemlər yaradırlar”…
10 min voltluq elektrik xətlərinin Boladi fermerlərinin taxıl sahələri üçün yaratdığı təhlükəninin əyani sübutları aşağıdakı fotolarda əksini tapıb: