Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan küçə və yollarında yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan bu işlər 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir.
Proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1000 metr olan Massiv 6, 1A küçəsi və 2800 metr uzunluğa malik Massiv 6, Yeni məhəllənin yollarında təmir işləri aparılır. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.
Yenidənqurma işləri çərçivəsində küçələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib. Hazırda hər iki ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.