"Azəristiliktəchizat" ASC 2021-ci il maliyyə hesabatını açıqlayıb.
Azəristiliktəchizat" ASC-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Basqallı 2021-ci ildə 10 milyon 372 min manatlıq yaranan zərərin əmələ gəlmə səbəbləri və yekun nəticə haqqında müfəssəl açıqlamanı mətbuata təqdim edib
Azadmedia.az sözügedən məlumatı təqdim edir:
2021-2022-ci il istilik mövsümündə 563 qazanxana istismar olunmaqla 3879 yaşayış binası, 280 məktəb, 160 uşaq baxçası, 164 səhiyyə obyekti və 2052 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilmişdir.
2021-ci ildə istehsalla bağlı Cəmiyyətin xərcləri 59,98 mln manat təşkil etmişdir ki, onunda 32,24 mln manat və ya 53.75% təbbi qaz, 4,53 mln manat və ya 7.5% elektrik enerjisi, 1,61 mln manat və ya 2.68% alınan enerji və su təchizatı xidmətləri, 11,23 mln manat və 18.72% əmək haqqı, 3,29 mln manat və ya 5,5% DSMF-a və vergi ayırmaları, 5,58 mln manat və ya 9.30% amortizasiya xərcləri təşkil etmişdir. Göründüyü kimi xərclərin 97.45% yalnız enerji resursları, su, amortizasiya və əmək haqqı ilə bağlı xərclər təşkil edir. Digər 1.58 mln manat və ya 2.55% bank xidməti, rəbitə, ezamiyya xərcləri, mühafizə xərci və istehsalat ilə əlaqədar digər xərclər təşkil edir.
Mövcud tariflərlə istilik xidmətlərinin dəyərinin ödəniş səviyyəsi 80% olmaqla Cəmiyyətin gəlirləri 13,04 mln manat təşkil etmişdir. Cəmiyyətin xidmət göstərdiyi sahə sosial yönümlü olmasını nəzərə alaraq dövlət tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin yekunlarına görə yaranan tam zərərin deyil, istifadə edilən enerji daşıyıcıların, xüsusi ilə təbii qazın dəyərinin müəyyən hissəsinin ödənilməsi üçün əlavə olaraq subsidiya ayrılır.
2021-ci ilin yekunlarına dair Cəmiyyətin maliyyə nəticələri 10.37 mln manat zərər təşkil edib. On illiklərlə artan yekunla yığılmış zərər isə 98.91 mln manata çatıb. Bu arada qeyd edək ki, son maliyyə ilinə dair hesabatın tərəfimizdən açıqlanması da bu yöndə şəffaflığın təzahürüdür və istiqamətdə atılmış addımdır.
Məhz bu amillər nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 aprel 2022-ci il tarixində İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində Energetika Nazirliyinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Sərəncama uyğun olaraq, hazırda Azərbaycan respublikası Energetika Nazirliyi tərəfindən “Azəristiliktchizat” ASC-də aparılacaq islahatların sürətləndirilməsi ilə əlaqədar beynəlxalq məsləhətçilərin dəvət olunması ilə əlaqədar zəruri tədbirlər görülməkdədir.