Dövlət Turizm Agentliyinin dəstəyi və Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu və milli aşpazlardan ibarət nümayəndə heyəti Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında iştirak edib.
16-17 iyul 2022-ci il tarixində keçirilən festivalda milli mətbəx nümunələrimizlə yanaşı, Azərbaycanda çay mədəniyyəti, Qarabağ kətəsi də daxil olmaqla şəkərbura, paxlava, qoğal kimi milli şirniyyatlar, o cümlədən Azərbaycan şərabları təqdim edilib.
Milli aşpazlarımız Cavid Həsənov, Ruslan Əlizadə və Samirə Əmrahovadan ibarət komanda tərəfindən festival iştirakçılarına, o cümlədən tədbiri ziyarət edən media nümayəndələrinə Azərbaycan mətbəxinin ən sevilən təamlarından olan qutab, yarpaq dolması, kələm dolması, müxtəlif növ plovlar, həmçinin kükünün bir sıra növləri hazırlanaraq təqdim edilib.
Festival çərçivəsindən milli mətbəximizin incilərini nümayiş etdirildiyi xüsusi masterklas keçirilib.
100 nəfərlik böyük auditoriya qarşısında baş tutan masterklasda aşpazlarımız tərəfindən 2017-ci ildə “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyası üzrə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən milli yeməyimiz dolma hazırlanıb.
Dolmanın hazırlanma qaydası ilə yanaşı, auditoriyaya Azərbaycanın mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, mətbəxin formalaşmasına təsir edən əsas amillər barədə də məlumat verilib.
Azərbaycan stendini ziyarət edən qonaqların ən böyük marağına səbəb olan yeməklərdən biri də məhz “Cənub çələngi” olub. 6 növ plov, ləvəngi növləri və turşuqovurmanın vəhdətindən formalaşan bu özünəməxsus təqdimat üsulu milli mətbəximizin müasir təqdimatı istiqamətində atılan mühüm addımdır. Bununla yanaşı, bu yeməkdə ölkənin əsas turizm marşrutlarından biri olan cənub istiqamətinin flora və faunası, həmçinin biomüxtəlifliyi də təmsil olunub.
Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmid hər bir ölkənin qastronomiyasının onun mədəniyyətinin güzgüsü olduğunu qeyd edərək əlverişli coğrafiya və fərqli iqlim zonalarının təsiri ilə yaranan biomüxtəlifliyin, həmçinin tarixi İpək yolunun bir parçası kimi müxtəlif xalqların və mədəniyyətlərin qovuşma mərkəzi kimi çıxış etməsinin Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz mətbəxlərindən biri kimi formalaşmasına təsir göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən Azərbaycanın zəngin kulinariya ənənələrinin təbliğatı və qastronomiya turizminin inkişaf etdirilməsi məqsədilə nüfuzlu beynəlxalq sərgilərdə və platformalarda irimiqyaslı işlərin icrası üzrə fəaliyyət davam etdirilir.