1966-cı ildə fəaliyyətə başlamış “Nərimanov” elektrik deposunda mərhələli yenidənqurma və yeni texnologiyaların tətbiqi prosesi davam etdirilir. Bu sırada qatarların texniki-baxışı və dayanma-gecələmə sahəsinin daha 3 qanovu yenidən qurulur. Burada nəzərdə tutulan işlər dövrün tələblərinə uyğunlaşdırılır. Həmçinin qatarlara davamlı qulluq müasir standartlar və yeni texnoloji imkanlara müvafiq qaydada yerinə yetiriləcək.
İlk tədbirlər çərçivəsində qanovların tavan hissəsində təmir işləri aparılır. Buna paralel olaraq, yollar sökülüb. İşlər çərçivəsində tətbiq ediləcək ən mühüm yenilik həm də funksional əhəmiyyət daşıyacaq. Buna qədər yalnız dayanma üçün xidmət göstərən bu 3 qanov normativ göstəricilərə uyğun dərinləşdirilir. Bununla texniki baxış üçün şərait yaradılacaq.
Artıq iki qanovda standartlara uyğun dərinlik qazılıb, özül təbəqə çıxarılıb. Bir qanovun betonlanma işləri başa çatdırlıb. Daha biri isə yekunlaşmaq üzrədir. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, daha bir qanovda qazıntı işləri aparılır. Dərinləşdirilmiş qanovların funksional fəaliyyəti üçün eniş pilləkənləri qoyulacaq. Döşəmədə yeni beton özül təbəqə yaradılaraq divarlar suvanıb rənglənəcək. Bu işlərə paralel olaraq, qanovların yan hissədə baxış yolları da müvafiq normativlərə uyğun, karbonat və çınqıl təbəqə ilə doldurularaq betonlanacaq. Qanovlarda yeni drenaj, müasir elektrik təchizatı və işıqlanma sistemi qurulacaq.
Təmirin son mərhələsində yolun müasir üstquruluş elementləri qoyulacaq. Həmçinin qatarların baş vaqonunun ön hissəsinə xidmət göstərmək üçün xüsusi qaldırıcı mexanizmlər quraşdırılacaq. Digər təmir olunmuş qanovlar kimi, bu sahənin döşəməsi də estetik görkəmə təsir edən dayanıqlı epoksid maddə ilə boyanacaq.
Bütün tədbirlərin sonunda yenidən qurulmuş qanovlarda qatarların qəbul edilməsi və xəttə buraxılması sahəsi üçün yeni tipli kommutasiya qurğuları tətbiq ediləcək.
Təmir çərçivəsində qanovlardan depo yollarına çıxan yol yatağı tamamilə yenidən qurulur. Bu xüsusda dəmir yolları sökülüb, yataq yeni tələblərə uyğun qazılaraq yeni yolların quraşdırılmasına başlanılıb. Yollarda çınqıllı bünövrə əsasında dəmir-beton şpallar üzərində yeni infrastruktur yaradılır. Həmçinin burada pandemiya dövründə ilk dəfə uğurla tətbiq edilmiş ən innovativ yeniliklərdən biri də həyata keçirilir. Başqa sözlə, qatarı bir yoldan digər yola keçirən yoldəyişdirici qurğular tamamilə yeni əsaslar üzərində qoyulur. 2021-ci ildə metropolitendə ilk dəfə depo yollarında dəmir-beton çevirici tirlər üzərində mərkəzləşdirilmiş yoldəyişdirici qurğu quraşdırılıb. Bu isə yolun üstquruluşu elementlərinin yeniliklərinin daha da modelləşdirilməsi deməkdir. Yenilik qatarların yoldan çıxma ehtimalını daha da azaldır. İkinci vacib üstünlüyü, istismar şərtlərini daha sərfəli və səmərəli etməsidir. Bundan savayı, yoxlama-baxış, nəzarət-qulluq işləri də xeyli sadələşir. Ən vacibi isə, açıq hava şəraitində, xüsusən Bakının iqlim dəyişkənliyində davamlı və dağılmaya qarşı yüksək müqavimətə malikdir.
Ümumən bu günə qədər elektrik deposunun 10 qanovu əsaslı təmir olunaraq yenidən qurulub və müasir standartlar səviyyəsinə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.