Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.
2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsində Asif Əsədullayev küçəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Küçənin uzunluğu 1100 metr, eni ortalama 10 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frezlənib, küçəboyu 2000 p/m piyada səkiləri yenilənib.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə küçəyə 2 qat olmaqla 11 min kv.metrdən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Təmir işlərinin sonuncu mərhələsi üzrə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Təmir işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilib.
Qeyd edək ki, cari il ərzində “İnvestisiya Proqramı”na əsasən Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrdə təmir işləri icra olunur.
Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.