Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işlərinə davam edir.
Uzunluğu 1830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Ortalama eni 17.5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kv.m sahədə bərpa olunub, 4582 p/m yeni səki daşları düzülüb. Küçəboyu 32 yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılıb.
Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.