Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
Qaliblər ümumi növ layihələr üzrə layihə təklifinin keyfiyyətli şəkildə hazırlanması, layihənin icra potensialı və sosial-iqtisadi təsirləri kimi qiymətləndirmə meyarlarına, tədqiqat layihələri üzrə isə tədqiqatın əsaslandırılması və aparılma metodologiyası, layihənin icra potensialı və büdcəsinin uyğunluğu, layihənin aydın təsvir edilməsi kimi qiymətləndirmə meyarlarına uyğun olaraq rəqabətlilik prinsipi əsasında seçilib. Qiymətləndirmə nəticəsində minimum keçid 48 balı toplayan 10 layihə aşağıdakılardır:
1. “Kənd turizminin inkişafına mane olan sosial problemlərin həllinə dəstək” (“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi)
2. “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi” (Səmədli Müşfiq Rauf oğlu)
3. “Şəkidə kəlağayı emalatxanasının turizm məhsulu və təcrübəsi kimi abadlaşdırılması və ənənəvi kəlağayı sənətinin gənc nəslə öyrədilməsi” (“Qeyri-maddi mədəni irsə dəstək” İctimai Birliyi)
4. “Şəkinin dünya əhəmiyyətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutlarının yaradılması” layihəsi (“İCOMOS Azərbaycan” İctimai Birliyi)
5. “Gəncə şəhərində və Gəncə ətrafında qeyri-mehmanxana qonaqlama imkanlarının artırılması məqsədilə mikro sahibkarlara dəstək və onların bacarıqlarının artırılması” (Hüseynova Sevinc Xankişi qızı)
6. “Turizm sahəsində fəaliyyət göstərən qadın sahibkarların fəaliyyətinin Qarabağ və ətraf rayonlarda genişləndirilməsi və turizm üzrə kadr hazırlığına dəstək” (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası)
7. “İsmayıllı rayonun Sulut bələdiyəsinin ərazisində turizm” (Rəsulov Fuad Nizami oğlu)
8. “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi (Ağsu rayonu Gəgəli bələdiyyəsi)
9. “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” (“Viləş Turizm” MMC)
10. “Ənənəvi Azərbaycan ornamentləri və simvolikası” mədəni turizm marşrutu üçün tədqiqat işinin aparılması və bunun əsasında marşrut pasport nümunəsinin hazırlanması” (Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi)
Qeyd edək ki, müsabiqə çərçivəsində ümumi növ mövzular üzrə təqdim olunan 256 layihədən 128-i elan edilmiş müsabiqə mövzularına uyğun gəlmədiyinə və ya təqdim olunan layihə sənədlərində çatışmazlıq aşkar olunduğuna görə qiymətləndirmə mərhələsinə keçməyib. Təqdim olunan layihələrdən digər 128-i isə ekspertiza mərhələsindən keçərək müvafiq Qiymətləndirmə Komissiyasına təqdim edilib.