Education HUB(Azərbaycan) şirkəti və Avropa Vençur Filantropik Assosiasiyası tərəfindən BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlığı çərçivəsində “Dəyər üçün səhər yeməyi” adlı tədbir baş tutub.
Görüş Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dəyər üçün əməkdaşlıq” və “Azərbaycanda innovasiya-əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihələri əsasında təşkil olunub.
Görüşün əsas məqsədi Azərbaycanda Sosial Sahibkarlıq ekosisteminin cari vəziyyətinin müzakirəsi, sosial investisiya fondlarının yaradılması və bu sahədə ölkədə fəaliyyət göstərən maraqlı tərəflər arasında şəbəkələşmənin artırılması olub.
Tədbiri giriş sözü ilə açan Education HUB-ın Proqram Meneceri Gülnarə İsmailova iştirakçıları salamlayıb, daha sonra çıxışı zamanı “Dəyər üçün səhər yeməyi” konsepsiyası və Azərbaycanda Sosial Sahibkarlıq eko sisteminin mövcud vəziyyəti haqqında məlumat verib.
BMT-nin İnkişaf Proqramının məsləhətçisi Lana Lovaşiç “Qarışıq maliyyə” konsepsiyaları haqqında çıxış edib. O, sosial məsuliyyətli investisiyanın və dəyər əsaslı yanaşmanın əhəmiyyətini vurğulayıb.
Görüş üçün Azərbaycana gələn İtaliyada ilk dəyər investisiya fondu olan Oltre Fondunun təsisçisi Luciano Balbo dəyər investisiyası, investisiya fondları ilə bağlı təcrübəsini bölüşüb. O, İtaliya və digər ölkələrdən bəzi investisiya fondu nümunələrini paylaşıb. Çıxışı zamanı o, həm sahibkarlar həm də investorlar arasında dəyər mövzusuna olan marağın artmasını, həmçinin, inkişaf etməkdə olan ölkələrdə mikromaliyyənin ən uğurlu seqment olduğunu vurğulayıb.
Tədbir maraqlı müzakirə ilə yadda qalıb, sonda iştirakçılar növbəti “Dəyər üçün səhər yeməyi” görüşü üçün öz təkliflərini paylaşıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.