“Məişət sayğacları hər 5 ildən bir, sənaye sayğacları isə 3 ildən bir Dövlət yoxlamasına göndərilir. SOCAR "Azəriqaz" İB-nin mütəxəssisləri tərəfindən yerlərdə mütəmadi olaraq sayğaclara baxış keçirilir, sayğaca müdaxilə halları aşkar olunarsa, istismar müddətindən asılı olmayaraq dərhal həmin sayğac çıxarılır. Abonentin qazsız qalmaması üçün yerinə digər sayğac quraşdırılır və dərhal sayğacın çıxarılma səbəbi göstərilərək akt tərtib olunur. Sayğac xüsusi möhürlü qutuya qoyulur və baxış keçirilməsi üçün Birliyin Metrologiya Departamentinə göndərilir. Yoxlama zamanı abonentin iştirakı təmin olunur, lakin bəzi hallarda abonentlər yoxlamada iştirak etmirlər. Belə olan halda isə abonentin iştirakı olmadan sayğac yoxlamadan keçirilir.” Bu sözləri SOCAR “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəisi Zehin Rəsulov media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisi qeyd edib ki, ilk olaraq vizual baxış keçirilir daha sonra bütün sayğaclar sınaq qurğularına yerləşdirilərək nisbi xətaları müəyyənləşdirilir. “Məişət qaz sayğacları 3 pozisiyada - maksimal, normal və minimal sərfiyyatda yoxlanılır. Maksimal və nominal sərfiyyatda norma xətası müsbət-mənfi bir tam onda beş, minimal sərfiyyatda isə 3 faizdir. Əgər bu norma daxilində olarsa, sayğac yararlı sayılır və yenidən istismara təhvil verilir. Əgər nisbi xətalar bu rəqəmdən kənarlaşırsa, bu halda sayğac yararsız hesab olunur və istismardan çıxarılır”, - deyə departament rəisi bildirib.
Abonent tərəfindən ünvanlanan öncədən ödənişli sayğacın Dövlət yoxlamasından keçirildikdən sonra hansı səbəbdən bəzi hallarda cərimə protokulunun tərtib olunması ilə bağlı ünvanlanan sualı İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev cavablandırıb. Şöbə rəisi bildirib ki, SOCAR “Azəriqaz” İB-nin cərimə yazmaqla bağlı heç bir səlahiyyəti yoxdur, protokolda göstərilən rəqəm dəymiş ziyanın hesablanmasıdır. “Çox güman ki, sayğacda hansısa qüsur yaranıb. Abonentin yüklədiyi məbləğ bitib, lakin klapan bağlanmadığı üçün sayğac mənfiyə doğru hesablama aparıb. Bəzi hallarda abonent buna fikir vermir və yoxlama zamanı dəymiş ziyan hesablanır və protokol tərtib olunur. Bundan narazı olan istənilən abonent Birliyə müraciət edə və yoxlama nəticələri ilə tanış ola bilər.”, - deyə şöbə rəisi əlavə edib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuat nümayəndələrinə çağırış edib: “Qaz təsərrüfatına dair abonentlər tərəfindən redaksiyalara daxil olan bu tip müraciətlə bağlı istənilən media nümayəndəsi abonentin iştirakı ilə Birliyə müraciət edə bilər. Bütün proseslərin izlənməsi və işıqlandırılması üçün Birlik tərəfindən həm abonentə, həm də mətbuat nümayəndəsinə istənilən şərait yaradılacaq. Bizim məqsədimiz reallığın və şəffaflığın təmin edilməsidir.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.