AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekspert BNA sözçüsünü “mat” qoydu: “İctimai nəqliyyat kollaps vəziyyətindədir”

  • + A
  • - A
  • 20-10-2022, 16:26

    Ekspert BNA sözçüsünü “mat” qoydu: “İctimai nəqliyyat  kollaps vəziyyətindədir”

    Mais Ağayev: “Şəxsi avtomobillərdən istifadədən imtina edin”
    Elçin Bayramlı:“At minək, yoxsa on kilometrlərlə yolu piyada gedib-gələk?”
    “Paytaxtda sərnişindaşıma sistemi bərbad haldadır. Şəxsi maşından imtina ediləcək şəhərdə gərək çoxsaylı nəqliyyat sistemləri olsun”

    Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev tıxacsız Bakı üçün insanları şəxsi avtomobillərdən imtina etməyə çağırıb. O qeyd edib ki, ictimai nəqliyyatın hərəkət etdiyi şəhər tıxacsız olur:
    "Bu cür olmasını istəyirsinizsə, şəxsi avtomobillərdən istifadədən imtina edib ictimai nəqliyyatın xidmətindən yararlanın. Daha rahat və tez mənzil başına çatmağın başqa alternativi yoxdur!".
    Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı BNA rəsmisinin çağırışını "Sherg.az"a dəyərləndirərkən bildirib ki, bu çox gülüncdür:

    "Necə yəni avtomobildən istifadə etməyin? At minsinlər? Bəlkə, on kilometrlərlə yolu piyada gedib-gələk? Paytaxtda sərnişindaşıma sistemi bərbad haldadır. Şəxsi maşından imtina ediləcək şəhərdə gərək çoxsaylı nəqliyyat sistemləri olsun. Bakıda tramvay və trolleybus, həmçinin, elektriçkalar müvəffəqiyyətlə məhv edilib. Yerüstü sərnişindaşımanın son nümayəndəsi olan avtobuslar isə yox kimi şeydir. BNA sanki qəsdən bu sahəni daha da bərbad hala saldı. Belə şəhərdə hər kəs özünə maşın almağa məcburdur. Ona görə də, mən hələ uzun illər öncə "Hərəyə 1 maşın alaq, əziyyətdən qurtulaq" kampaniyası elan etmişəm. Son aylarda isə Bakının sərnişindaşıma sistemində problemlər daha da artıb, tıxaclar çoxalıb. Avtobusların sayı azalıb, marşrutların intervalı çoxalıb. Metroda artıq acınacaqlı vəziyyət yaranır. İnsanlar saatlarla küçələrdə qalır. Həddən artıq sıx şəkildə vaqonlarda, avtobuslarda əziyyətlə gedirlər".

    E.Bayramlının sözlərinə görə artıq şəhərkənarı ərazilərdə də tıxaclar yaranır:

    “Özü də təkcə işə gedib-gəlmək saatlarında deyil, adi vaxtlarda da. Müvəqqəti tədbirlər problemi aradan qaldırmır. Problemin həllinə fundamental yanaşılmalı, kompleks şəkildə həll edilməlidir. Əhalinin Bakıya cəmləşməməsi, əksinə paytaxta toplaşmış region əhalinin bölgələrə qayıtması üçün sosial-iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəzi ali məktəblər başqa şəhərlərə köçürülməlidir.

    Bakı dünyada yerüstü sərnişindaşımada yalnız avtobusların qaldığı yeganə paytaxt şəhəridir. Vaxtilə qəsdən məhv edilmiş nəqliyyat sistemləri- tramvay, trolleybus və elektrik qatarları- bərpa edilməlidir. Dənizdə kater taksilərin hərəkəti təşkil olunmalıdır. Metro stansiyalarının sayı sürətlə artırılmalıdır. Ən əsası Bakıda xaotik şəkildə sıx-sıx bina tikintisinə son qoyulmalıdır. Mərkəzi hissələrdə tikinti tam dayandırılmalıdır, hətta bəzi yeni hündürmərtəbəli binalar sökülməlidir".

    Sosioloq son olaraq qeyd edib ki, hazırda Bakı kollaps vəziyyətindədir:

    “Bu məsələnin Milli Məclisdə geniş müzakirəsinə və müvafiq qərarların qəbuluna böyük ehtiyac var. Bu biabırçılığa son qoyulmalıdır". Sherq.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR