“SOCAR “Azəriqaz” İstehsalat Birliyi cari ilin 9 ayı ərzində payız-qış mövsümlərinə hazırlıq məqsədi ilə bir sıra işlərin icrasını tamamlayıb. Abonentlərin dayanıqlı şəkildə təbii qazla təmin edilmələri üçün 668 ədəd qaz tənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armaturlar quraşdırılıb və yaxud da əvəz edilib, 57 ədəd qaz tənzimləyicinin yeri dəyişdirilib. Bundan əlavə 35000 metr uzunluğunda torpaqla təmasda olan qaz xətti dayaqlar üzərinə qaldırılıb.” Bu sözləri SOCAR “Azəriqaz” İB-nin Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi İlkin Behbudov media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisi vətəndaşları qış aylarında tüstü bacalarını quraşdırarkən ehtiyatlı olmağa çağırıb. “Vətəndaşlar kustar üsulla tüstü bacaları quraşdırmasınlar. Normal tüstü bacaları quraşdırılmalıdır, əks təqdirdə məsuliyyətsizlik xoşagəlməz halların baş verməsinə səbəb olur. Xüsusilə də, həyət evlərində yaşayan şəxslər ehtiyatlı olsunlar. Qeyd edim ki, təhlükəsizlik məqsədilə evlərdə yoxlamalar aparılacaq.”
“SOCAR ailəsi olaraq bizim məqsədimiz vətəndaşların cəzalandırılması deyil, qayda pozuntularının olmamasıdır.” Bu sözləri isə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev çıxışı zamanı bildirib. O bildirib ki, qayda pozuntuları ilə bağlı cəza tədbirlərinin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar hazırlanır: “Milli Məclisdə bu istiqamətdə danışıqlar gedir. Zərurət olduğu halda bizim əməkdaşlar da həmin müzakirələrdə iştirak edir. Məqsədimiz hazırlanan layihə çərçivəsindən abonentlərin cərimələnməsi deyil, abonentlər tərəfindən qayda pozuntularına yol verilməsin. Çünki, Birlik əməkdaşları kimi vətəndaşlar da öz məsuliyyətlərini bilməli və öhdəliklərini yerinə yetirməlidir. Hazırlanan qaydaların noyabrın 1-dən qüvvəyə minməsi gözlənilir. Bu barədə ictimaiyyətə məlumat veriləcək.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.