Misir Prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib ki, ölkənin ən zəngin qaz ehtiyatlarına malik “Zöhr” yatağının tam həcmdə istismarına nail olmaq üçün Qırmızı və Aralıq dənizlərində sərhədlərin demarkasiyası həyata keçirilməlidir. Onun sözlərinə görə, enerji şirkətləri, xüsusilə 2015-ci ildə Port-Səid yaxınlığında bu yatağı kəşf etmiş İtaliyanın “Eni” neft-qaz kompaniyası dəniz sərhədlərinin dəqiq müəyyən olunmaması ucbatından burada yeni yataqların kəşfiyyatına və işlənməsinə sərmayə qoymaq istəmir.
AZƏRTAC xəbər verir ki, Misir Prezidenti orta hesabla 850 milyard kubmetr qaz ehtiyatı olan “Zöhr” yatağının bu ölkənin elektrik enerjisi təchizatında həlledici rol oynadığını diqqətə çatdırıb. Prezident bildirib ki, Kipr və Yunanıstanla dəniz sərhədlərinin demarkasiyası tez bir zamanda həyata keçirilməlidir, əks halda, Misir qaz idxalına əlavə 10 milyard dollar vəsait xərcləməli və ya əhaliyə elektrik enerjisi verilməsində kəsintilərə getməli olacaq.
“Eni” kompaniyasının 2018-ci ildən başlayaraq “Zöhr” qaz yatağında məhdud həcmdə qaz hasil etməsi Misirin elektrik enerjisinə olan tələbatını tam şəkildə ödəyib. Lakin dəniz sərhədlərinin qeyri-dəqiq olması səbəbindən burada hasilatı tam həcmdə həyata keçirmək mümkün olmayıb. Bununla belə, həmin yataq hesabına son iki ildə Misirin qaz ixracatından gəlirləri də 2014-cü il ilə müqayisədə 600 milyon dollar artaraq 8 milyard dollara çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.