"BMT və qardaş Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna arasında bağlanmış "taxıl sazişi" Ukrayna taxılının dünya bazarına çıxarılmasını əsaslı şəkildə təmin etdi. Ötən müddətdə Ukrayna anbarlarında olan taxıl dünya bazarına ixrac edildi".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sazişdən sonra taxılın dünya bazarındakı qiymətinin azalması müşahidə olundu:
"Hələlik dünya bazarında taxıla olan tələbin ödənilməsində ciddi problem yoxdur. Rusiya-Ukrayna müharibəsi başlanan zaman belə bir çətinliklər müşahidə olunurdu. Həmçinin, müharibə taxılın qiymətinə təsir göstərdi. Həmin zaman taxıl ixracatını qadağan etmiş bəzi ölkələr yenidən ixracatı bərpa etdilər. Rusiya tərəfi müqavilədən çıxmadığını, sadəcə sövdələşmədə iştirak etmədiyini bəyan edib. Rusiya "taxıl sazişi"ndə qaldığını bəyan edir. Bu qərar hələki taxıl bazarına təsir göstərmir. Dünya bazarında taxıla olan tələblə təklif arasındakı mütənasibliyə baxsaq, indiki halda taxılın qiymətinin kəskin artımı gözlənilmir. Növbəti aylarda da taxılın qiymətinin optimal səviyyədə qalacağı gözlənilir".
Deputat qeyd edib ki, gələn il taxılın qiyməti dünya bazarına çıxarılan məhsulun həcmindən asılı olacaq: "Rusiya istehsal etdiyi taxılı dünya bazarına çıxarmalıdır. Onu uzun müddət saxlamaq mümkün deyil. Ümumilikdə, əvvəlki aylarda taxıla olan tələbin ödənilməsində müşahidə olunan çətinliklər hazırda yoxdur. Rusiyanın son qərarında sonra dünya bazarında taxılın qiymətində kəskin artımların olacağını gözləmirik. Mövcud qiymətlər bir müddət saxlanılacaq", - deyə V.Bayramov bildirib.
Xatırladaq ki, oktyabrın 29-da Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş"ində iştirakını dayandırdığı barədə məlumat yayıb. Nazirlik qərarın Rusiyanın Qara dəniz donanmasına və mülki gəmilərinə qarşı Ukraynanın həyata keçirdiyi hücuma görə verildiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.