AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Madriddə Azərbaycanın turizm imkanlarının təqdimatına həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • 17-11-2022, 16:09

    Madriddə Azərbaycanın turizm imkanlarının təqdimatına həsr olunmuş tədbir keçirilib

    Azərbaycanın turizm imkanlarının təbliği və tanıdılması məqsədilə noyabrın 16-da Dövlət Turizm Agentliyinin və Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə İspaniyanın Madrid şəhərində tədbir keçirilib.

    Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın 2013-2017 və 2018-2021-ci illərdə BMÜTT-ün İcraiyyə Şurasına üzv seçildiyini, bu müddət ərzində BMÜTT-ün Avropa Regional Komissiyasının 49-cu və 57-ci iclasları, İcraiyyə Şurasının 110-cu sessiyası daxil olmaqla bir neçə böyük tədbirlərə ev sahibliyi etdiyini bildirib.

    Fuad Nağıyev Azərbaycanın 2023-2027-ci illərdə İcraiyyə Şurasına üzv seçilmək üçün yenidən namizədliyinin veriləcəyini də diqqətə çatdırıb.

    O, Azərbaycanda son illərdə turizm sahəsinin inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətdən danışaraq cənab Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb.

    Agentlik sədri pandemiyadan sonra ölkəmizdə turizmin bərpasının sürətləndiyini, 2021-ci illə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında 118% artım müşahidə edildiyini, ümumilikdə turizm sənayesinin 50 faiz bərpa olunduğunu qeyd edib.

    Fuad Nağıyev çıxışında maddi və mədəni irs yerlərinin qorunub saxlanması ilə turizm məqsədləri üçün istifadə edilməsi, eyni zamanda tanıdılması məqsədini daşıyan “Mədəni irs üçün səyahət” təşəbbüsünü irəli sürüb. O, əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanın zəngin xristian və yəhudi irsinə, tolerantlıq və multikulturalizm kimi dəyərlərə malik olması, indiyədək YUNESKO-nun ümumdünya mədəni irs siyahısına salınan maddi və qeyri-maddi mədəni irs nümunələri haqqında məlumat verib.

    Həmçinin işğaldan azad olunmuş ərazilərin işğal müddətində dağıdılaraq məhv edildiyini, Azərbaycan dövləti tərəfindən həmin ərazilərin və dağıdılmış maddi-mədəni irs abidələrinin, o cümlədən Alban-xristian və Qafqaz-alban mədəniyyətinə məxsus kilsə və abidələrin bərpası istiqamətində genişmiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb.

    Agentlik sədri növbəti illər üçün təşkilatın mədəni irs turizmi ilə yanaşı, təhsil, rəqəmsal turizm və tədbirlər turizminin inkişaf etdirilməsi istiqamətində fəaliyyətinin vacibliyini qeyd edib.

    BMÜTT, həmçinin təşkilatın Avropa Regional Komissiyasına üzv olan ölkələrlə Azərbaycan arasında turizmlə yanaşı, digər sahələr üzrə də iqtisadi əməkdaşlığın artmaqda olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmaqda olduğunu qeyd edən Fuad Nağıyev turizmin bu əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.

    Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında olan fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov çıxış edərək bildirib ki, məşhur İpək Yolu üzərində yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin tarixi irsi, füsunkar mədəniyyəti, qastronomiyası, qonaqpərvər insanları və ecazkar təbiəti ilə hər zaman heyran edir.

    R.Həsənov qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası və dini tolerantlıq modeli olmaqda davam edir, və əsrlər boyu qorunub saxlanılan bu dəyərlər Azərbaycan xalqının həyat tərzinə çevrilməklə yanaşı, Azərbaycan hökumətinin siyasətinin mühüm elementinə çevrilib.

    Diqqətə çatdırılıb ki, ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanıb. Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını özündə ehtiva edən “Turizm haqqında Azərbaycan Respublikasının Qanunu” 27 dekabr 2021-ci il tarixində qüvvəyə minib.

    Ramiz Həsənov əlavə edib ki, Azərbaycan tərəfindən 2023-2027-ci illər üzrə İcraiyyə Şurasının Avropa regionu üçün ayrılmış yerlərdən birinə namizədlik irəli sürülüb. Səfir Avropa Regional Komissiyasının dəyərli etimadı sayəsində Azərbaycanın İcraiyyə Şurasında turizmin daha da inkişaf etdirilməsi istiqamətində öz fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu qeyd edib.

    Tədbirdə Azərbaycan Turizm Bürosunu Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm imkanları haqqında təqdimatla çıxış edib. O, turizm məhsulları və marşrutları, YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınan nümunələr, eləcə də Azərbaycandakı zəngin alman və yəhudi irsi, qış turizm imkanları haqqında qonaqlara məlumat verib.

    Tədbir çərçivəsində qonaqlara milli kulinariya nümunələri və şərabçılıq məhsulları təqdim olunub, həmçinin milli musiqi nümunələri səsləndirilib.

    Tədbirdə BMT-nin Ümumdünya Turizm Təşkilatına üzv olan ölkələrin İspaniyaya akkreditə olunmuş səfirləri, İspaniyanın hökumət üzvləri, Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR