Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsi əsaslı təmir edilib.
Sözügedən küçə deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.
Təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçə boyu 2800 p/m yeni bordür, 762 p/m yeni səki daşı düzülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Ardıcıllığa uyğun şəkildə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də icra olunub.
Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılıb.
Qeyd edək ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçələrin təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2021-ci ildə isə 14.2 km uzunluğa malik küçədə təmir işləri aparılıb.