Turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılması nəzərdə tutulur.
Azadmedia.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Turizm Sammiti 2022 tədbirində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə
Turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduz tələbinin tətbiqi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizminin tətbiqi nəzərdə tutulur.
Bizə miras qoyulan mədəni-irsimizi qorumaq, oradakı tarixi abidələrin mühafizəsi hədəfimiz, - deyən sədr qeyd edib ki, tarixi yerləri, tabeliyimizdəki qoruqları turistlər üçün cəlbedici məkana çevirmək bu istiqamətdə fəaliyyətimizin əsasını təşkil edir:
"Tabeliyimizdə fəaliyyət göstərən bütün qoruqlarda infrastrukturun yaxşılaşdırılması ilə bağlı ciddi işlər həyata keçirilir.
Bu il biz “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunu və qoruğun nəzdindəki “Diri Baba” türbəsini əsaslı yenidənqurma və bərpa işlərindən sonra turistlərin ixtiyarına verdik.
Hazırda Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunda bir neçə tarixi binanın təmir-bərpası başa çatıb, daha bir neçəsində proses davam etdirilir və bu işlərin də mərhələli şəkildə icrası planlaşdırılır.
Eləcə də ötən il cənab Prezidentin iştirakı ilə Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimi keçirildi və hazırda orada tikinti-quraşdırma işləri layihəyə uyğun şəkildə davam etdirilir.
Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyəti nəzərə alınaraq oradakı evlərin təmir və bərpa işləri mərhələli şəkildə icra olunmaqdadır".
Xatırladaq ki, bu ilin fevralında DTA tərəfindən “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-nun Dünya İrs Komitəsinə təqdim edilib. Bütün görülən işlərin davamlı təşkili üçün turizm sektorunda bacarıqlı insan resurslarının olması vacibdir.
Sədrin sözlərinə görə dövr ərzində Dövlət Turizm Agentliyi tərəfindən tabeliklərində olan Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin, Bakı Turizm Peşə Məktəbinin insitutsional imkanlarının gücləndirilməsi istiqamətində müvafiq dəstək göstərilmişdir.
Elnurə Abuşova