Avropa İttifaqı Azərbaycanla enerji sektorunda uzunmüddətli əməkdaşlığa ümid edir. Azadmedia.az xəbər verir ki, bunu Aİ-nin enerji komissarı Kadri Simson deyib.
“Bu, enerji sektorunda uzunmüddətli əməkdaşlıqdır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və qaz təchizatının sabitliyində Cənub Qaz Dəhlizinin rolu böyükdür. Biz əməkdaşlığımızı davam etdirmək istəyirik”, - Simson cümə günü Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında bildirib.
O, həmçinin bildirib ki, 2022-ci ildə Aİ enerji böhranı ilə üzləşib, enerji qiymətlərində güclü artım var, bu, Rusiya qazının tədarükünün dayandırılması ilə bağlıdır.
“Məhz bu məqamda Azərbaycan köməyimizə gəldi, biz də LNG alışının həcmini uğurla artırdıq. Azərbaycandan qaz tədarükü 40% artıb”.
Simson əlavə edib ki, indi 2027-ci ilə qədər Azərbaycandan qaz nəqlinin həcmini iki dəfə - 20 milyard kubmetrə qədər artırmaq planlaşdırılır. “Bunun üçün biz Avropa daxilində müəyyən işlər görməliyik və interkonnektorların yaradılmasına sərmayə qoymalıyıq. (...) Cənub Qaz Dəhlizi layihəsi üzrə Məşvərət Şurasının iclasının (cümə günü) bütün iştirakçıları bu genişlənmənin baş tutacağına dair öz qəti mövqelərini ifadə etdilər”, - Avropa komissarı vurğulayıb.
Simson əlavə edib ki, Aİ Transxəzər qaz kəmərinə də “diqqətini yönəldir”.
“Eyni zamanda, biz Azərbaycanla təkcə qaz təchizatı sahəsində deyil, həm də yaşıl enerji (külək və günəş enerjisi) və istixana qazlarının azaldılması sahəsində əməkdaşlıq etmək istərdik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində islahatlarını dəstəkləyir və hesab edir ki, bu, bu sahədə uzunmüddətli əməkdaşlıq üçün yaxşı perspektivlərdir.
Xatırladaq ki, Azərbaycan 2021-ci ildə Avropaya 8,1 milyard kubmetr qaz tədarük edib, 2022-ci ildə isə tədarük 11,4 milyard kubmetrə yüksəlib.