“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb.
Qurumdan Azadmedia.az-a verilən məlumata görə ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir. İlkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6 000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib.
Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.
Qeyd edək ki, “AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC “AzerGold” QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Şirkətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi “DM Servis” MMC-yə məxsusdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.