İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfrans keçirib. Tədbirdə İqtisadiyyat Nazirliyi və Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və digər dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının rəhbərləri iştirak edib. Konfransın açılış mərasimində Ulu Öndərin misilsiz fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Ümummilli Lider Heydər Əliyevin azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi strategiyasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasının həyata keçirilməsi Azərbaycanda azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun iqtisadi sisteminin yaradılmasına və inkişafın təmin olunmasına mühüm əsaslar yaratmışdır.
Rəqabətin iqtisadiyyatda önəminə diqqət çəkən Xidmət rəisi vurğulayıb ki, məhz 90-cı illərin ikinci yarısından etibarən “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə antiinhisar qanunvericiliyinin formalaşması təmin olunub. Vurğulanıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş müasir Azərbaycanın iqtisadi inkişaf strategiyası dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkə rəhbərliyi tərəfindən milli iqtisadiyyatın davamlı inkişafı məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub. Bu sənəddə öz əksini tapan 5 prioritetdən biri də məhz dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır ki, onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir. Yeni Rəqabət Məcəlləsi layihəsinin hazırlanması ilə bağlı qeyd olunub ki, qəbul edilməsi gözlənilən Məcəllə rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcəkdir.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxışında qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti əsasında həyata keçirilən tədbirlərin nəticəsi olaraq, ölkəmizdə siyasi və makroiqtisadi stabillik əldə edilib ki, bu da iqtisadi islahatların reallaşdırılmasına güclü zəmin yaradıb. Bildirilib ki, azad bazar iqtisadiyyatının təşəkkül tapması ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, özəl sektora dövlət dəstəyi gücləndirilmiş, ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı, azad rəqabət mühiti təmin edilmiş və əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisinin deputatı Ziyad Səmədzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müavini Sənan Tapdıqov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında misilsiz xidmətlərindən danışıblar.
Elmi konfrans “Yeni Azərbaycan iqtisadiyyatında rəqabətlilik” mövzusunda panel sessiyası ilə davam edib. Milli Məclisin deputatı Zahid Oruc və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərovun da qatıldığı müzakirə sessiyasında Dövlət Xidmətinin nümayəndələri “Qloballaşan dünyada rəqabət iqtisadiyyatı və iqtisadi inkişaf” və “XXI əsrdə rəqabət iqtisadiyyatı: müasir tendensiyalar və problemlər” mövzularında təqdimatlarla çıxış ediblər.