Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşmə üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağda və Şərqi Zəngəzurda layihələrə baxmağa hazırdır.
“Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrə baxmağa hazırıq. Hazırda bizim üçün əsas şey təhlükəsiz girişdir. Əgər minatəmizləmə işləri uğurla və vaxtında başa çatdırılarsa və kriteriyalarımıza cavab verən layihələr təklif olunarsa, biz onlara baxmağa hazırıq”. Azadmedia.az xəbər verir ki, bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib.
Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı Azərbaycan hökumətinin nümayəndələri ilə bir neçə görüş keçirilib:
"Biz bu layihələri böyük məmnuniyyətlə nəzərdən keçirəcəyik və onların bizə təqdim olunmasını gözləyirik".
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB indiyədək Azərbaycanda 187 layihənin maliyyələşdirilməsinə 3,6 milyard avroya yaxın vəsait ayırıb. Bankın Azərbaycanda 2023-cü ilin əvvəlinə 35 layihə üzrə cari portfeli 843 milyon avro təşkil edir: 86%-i infrastrukturun, 10%-i sənaye və aqrar-sənaye kompleksinin, 4%-i maliyyə sektorunun payına düşür.
Əvvəllər xəbər verildiyi kimi, AYİB 2023-cü ildə Azərbaycanda həyata keçiriləcək layihələr üçün 300 milyon dollara qədər kredit ayırmağı planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.