Martın 18-də Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub. 40 nəfərdən ibarət olan ilk heyət səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı, Füzuli rayonunda Anım Gününə həsr olunmuş xatirə lövhəsi və şəhərin mərkəzindəki dağıntılarla yaxından tanış olublar.
Təşkil olunan iki günlük tur çərçivəsində yerli turistlər Şuşa şəhərində Cıdır düzünü və Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksini ziyarət edib, Şuşa qalası, Şuşa qalasının Gəncə qapısını və “Xarı Bülbül” simvolunu, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, eləcə də Bülbülün ev-muzeyini, Çuxur məhəllədə yerləşən abidələri, Merdinli məhəlləsini, Sadıqcanın evini, “Güllələnmiş büstlər” olan meydanı, Xurşidbanu Natəvanın sarayını, şairənin vəsaiti hesabına inşa edilmiş bulağı, Üzeyir Hacıbəylinin heykəlini və Natəvanın malikanəsinin ərazisini ziyarət edəcəklər.
Xatırladaq ki, layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
2 və 3 günlük turlar həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.
Turlarda iştirak etmək istəyən vətəndaşlar turizm şirkətlərinə müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.