AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” konfransı keçirilir

  • + A
  • - A
  • 5-05-2023, 11:38

    Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” konfransı keçirilir

    Mayın 5-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.

    “Turizm və rekreasiya XXI əsrdə: Problemlər və perspektivlər” adlı VI beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın turizm ehtiyatlarının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, dünya turizm bazarında ölkəmizin yerini, turizm təhsili sahəsində mövcud problemləri araşdırmaqdan, bu sahədə tədqiqat aparan elm adamları ilə mövcud əməkdaşlığı genişləndirmək ibarətdir.

    Konfrans çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub.
    Fuad Nağıyev videomüraciətində bu il müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən silsilə tədbirlərin icra olunduğunu qeyd edib.

    Agentlik sədri bildirib ki, ilin əvvəlindən başlayaraq “Şahdağ” Turizm Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışları, Ağdam rayonunda ağacəkmə aksiyası, o cümlədən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin və gənclərin iştirakı ilə fleşmob keçirilib.

    “Heydər Əliyev və turizm” sənədli filminin, eləcə də kitabının üzərində işlərə başlanıldığını qeyd edən Fuad Nağıyev payız aylarında Ümummilli liderin 100 illiyinə həsr olunmuş turizm sammitinin keçiriləcəyini, həmçinin il ərzində bu kimi silsilə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

    Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxışı zamanı ölkə turizminin inkişafı ilə paralel olaraq turizm təhsilli kadrların yetişdirilməsinin vacibliyinə toxunub, dövlətin dəstəyi və qayğısı ilə turizm təhsilinin artıq yalnız peşə təhsili deyil, ali təhsildə də müstəqil bir sahə olaraq inkişaf etdiyini qeyd edib.

    Hazırda təhsil ocağında 3 fakültə və 8 kafedra üzrə ümumilikdə 2083 tələbənin təhsil aldığını vurğulayan İlham Mədətov turizm sənaysi üçün keyfiyyətli kadrların hazırlanması istiqamətində universitetin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

    Mayın 6-da işini yekunlaşdıracaq konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçı məruzəçi qismində iştirak edir.

    Konfransda Ulu öndərin Azərbaycan iqtisadiyyatının formalaşmasında rolu, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və Azərbaycan regionlarında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsi və turizmlə əlaqədar müxtəlif mövzuları ehtiva edən məruzələrin dinlənilməsi nəzərdə tutulur.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR