Məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması üçün 2021-ci ilin noyabr ayının 4-də SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında memorandum imzalandı. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının SOCAR “Azəriqaz” İB tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulurdu. Memorandum çərçivəsində 2000 ədəd qaz sayğacının “Azəriqaz” İB-yə təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və eyni zamanda SOCAR “Azəriqaz” İB-nin qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin may ayında SOCAR “Azəriqaz” İB-nin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə bağlanıb. “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq:
- Sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq. Yəni qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək;
- Yerli sahibkarlığın inkişafına dəstək verəcək;
- Xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq;
- Şəffaflığı təmin edəcək;
- Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasını təmin edəcək.“Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən ümumilikdə 405 min ədəd sayğacın iyun ayından etibarən kütləvi istehsalına başlanılacaq. İl ərzində sayğaclar istehsal olunaraq SOCAR “Azəriqaz” İB-yə təhvil veriləcək. Qeyd edək ki, yerli sahibkarlığın və yerli istehsal potensialının inkişafı məqsədi ilə Birlik və ASC arasında imzalanan sənəd ölkə başçısının tələb və tövsiyələrinə əsaslanaraq reallaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.