Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirmişdir ki, iki dövlət arasında sıx siyasi dialoq mövcuddur. Bunun əyani sübutu İsraildə səfirliyimizin açılmasıdır.
Məlum olduğu kimi, 1991-ci il 25 dekabrda İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyıb, 1993-cü ilin avqust ayında Bakıda səfirliyini açıb və ölkəmizin İsraildə diplomatik nümayəndəliyinin açılması əlaqələrimizi intensivləşdirəcək və onları daha yüksək səviyyəyə qaldıracaq.
İllər öncə Ulu Öndər Heydər Əliyey demişdir ki, “Yahudilər azərbaycanlılarla birlikdə əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu qün də yahudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma yerdir”. Dövlət Başçısı İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, “müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər”.
Mühüm məsələlərdən biri də ondan ibarətdir ki, iki ölkə arasında çoxşaxəli iqtisadi əlaqələr mövcuddur və ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Azərbaycan uzun illərdir ki, İstrailə xam neftin təchizatında ən etibarlı tərəfdaşdır. Ayrıca olaraq, iki ölkə arasında müdafiə sənayesi sahəsində səmərəli uzunmüddətli əməkdaşlıq qeyd edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, İsrail dövləti ilə müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın ciddi perspektivləri var.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.