Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bazar ertəsi OPEC-in baş katibi Heysham Əl-Qais ilə görüşüb. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə OPEC arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövlət başçısının təklifi ilə yaradılan OPEC+ formatı strateji əhəmiyyət kəsb edir və neft bazarlarının tənzimlənməsinə, tələb və təklif arasında tarazlığın təmin olunmasına dəyərli töhfə verir. Görüş zamanı təmiz texnologiyaların köməyi ilə karbohidrogen hasilatının davamlı artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda SOCAR-ın az emissiyalı və innovativ texnologiyalardan istifadəyə xüsusi önəm verdiyi qeyd edilib.
Görüşdə dünya neft bazarları üzrə cari vəziyyət və gələcək proqnozlar, SOCAR və OPEK arasında əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.