Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) 12-ci dəfə MDB və Mərkəzi Asiyanın ən yaxşı aviaşirkəti olub.
AZAL “World Airline Awards 2023” mükafatının sahibi olub. Mükafatlandırma mərasimi bir gün əvvəl Paris Aviasiya Sərgisi çərçivəsində keçirilib.
“Azərbaycan Hava Yollarının rəhbərliyini və əməkdaşlarını mühüm nailiyyət - on ikinci dəfə Mərkəzi Asiya və MDB məkanında ən yaxşı regional aviaşirkət nominasiyasının qalibi olması münasibətilə təbrik edirik. Bu, xüsusilə regionda artan rəqabət şəraitində ardıcıllığın gözəl nümunəsidir”, - Britaniyanın Skytrax konsaltinq şirkətinin baş direktoru Edvard Plaisted mükafatlandırma mərasimi zamanı deyib.
World Airline Awards qeyri-rəsmi “Aviation Oscar” statusuna malikdir. O, 1999-cu ildən bəri hər il Böyük Britaniyanın aparıcı konsaltinq agentliyi, dünyanın aparıcı aviaşirkət və hava limanı xidmətləri təminatçısı Skytrax tərəfindən verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.