“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Balakən” gəmi-bərəsi əsaslı təmir edilib.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.
Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip İnmarsat-C peyk rabitə stansiyası, radiolokasiya cavabvericiləri, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları quraşdırılıb.
Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.
“Balakən” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.
Təmirdən sonra gəmi üzrə dəniz-sınaq yoxlaması həyata keçirilib. Sınaq işləri uğurla başa çatıb.
Məlumat üçün bildirək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.