6 iyul tarixində Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Qazax və Samux rayonlarının mərkəzi xəstəxanalarının direktorları və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.
“Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsi çərçivəsində Yaponiyanın “Mitsubishi” şirkətinin 2 ədəd pikap kuzalı avtomobilinin alınması və təcili tibbi yardım avtomobilinin modifikasiya olunması üçün “Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinə qrant verilib.
Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb.
Bu layihədə Qazax rayonunun Yuxarı Salahlı və Samux rayonunun Poylu kənd tibb məntəqələrinin hər birinə 1 ədəd təcili tibbi yardım avtomobilinin verilməsi ilə Qazax və Samux rayonlarının şimal ərazilərində yerli əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin yaxşılaşdırılmasının təmin edilməsi nəzərdə tutulub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə bildirilib ki, səhiyyə sahəsinin inkişaf etdirilməsi də öz növbəsində çoxsahəli xarakterə malik Azərbaycan-Yaponiya əlaqələrində əhəmiyyətli yer tutur və son illər bu istiqamətdə də əməkdaşlıq genişlənir. Qeyd edilib ki, səhiyyə sahəsində Yaponiyanın Azərbaycandakı Səfirliyinin vasitəsi və dəstəyi ilə səhiyyə müəssisələrinin yenidən qurulmasına dəstək göstərilməsi, yeni texnologiyanın tətbiqi və səhiyyə maarifçiliyinin təşkili istiqamətində tədbirlər həyata keçirilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, TƏBİB tabeliyindəki tibb müəssisələrinin idarə edilməsi, tibbi xidmətlərin təşkili və keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğunlaşdırılması istiqamətlərində fəaliyyətləri təkmilləşdirmək üçün daim əməkdaşlıq etdiyi ölkələrin təcrübəsini öyrənir və tətbiqi imkanlarını araşdırır. Bu məqsədlə TƏBİB və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında əməkdaşlıq, səhiyyə sahəsi üzrə birgə planlaşdırılan layihələr xüsusi əhəmiyyət kəsb edir.
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi bildirib ki, 2000-2022-ci illər ərzində Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi layihələrin həyata keçirilməsi üçün “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanda 58 rayonda 95 tibb müəssisəsinin yenidənqurma və tikinti işləri həyata keçirilib. Sözügedən layihə xüsusilə əhaliyə ilkin səhiyyə xidmətlərini təqdim edən müəssisələrin yenidənqurma işlərini əhatə edib.
İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.
Görüşdə azərbaycanlı həkimlərin Yaponiyanın qabaqcıl tibbi xidmət göstərən məşhur xəstəxanalarında təlimlərə cəlb olunması da müzakirə olunub. Yüksək ixtisaslı dövlət tibb mərkəzlərində, qlobal sağlamlıq tədqiqatları mərkəzlərində, dövlət universitetlərinin nəzdində fəaliyyət göstərən xəstəxanalarda azərbaycanlı həkimlərin qısa və uzunmüddətli təlimlər üçün təşviq edilməsi qərara alınıb.