Yaponiya hökuməti Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin ixracını qadağan etməyi planlaşdırır. Azadmedia.az Yomiuri qəzetinə istinadən xəbər verir ki, qərar iyulda təsdiqlənəcək və o, avqustun əvvəlindən qüvvəyə minə bilər. Yaponiya hakimiyyəti həmçinin Rusiyaya elektromobil və hibridlərin tədarükünü tamamilə qadağan etmək istəyir.
Nəşrin məlumatına görə, 2022-ci ildə işlənmiş avtomobillər Yaponiyanın Rusiya Federasiyasına əsas ixracı olub - onlar ümumi ixracın 26%-ni təşkil edib. Ötən il Rusiyaya təxminən 250 milyard yen (1,8 milyard dollar) dəyərində 200 minə yaxın işlənmiş avtomobil gətirilib. Sanksiyaların sərtləşdirilməsindən sonra ixrac kiçik avtomobillərlə məhdudlaşacaq və onların pul ifadəsində dəyəri 100 milyard yenaya (720 milyon dollar) düşəcək.
Sanksiyalar Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq edilir. 2022-ci ilin aprelindən Yaponiya Rusiyaya premium avtomobillərin ixracını dayandırıb. 2023-cü ilin yanvarında Yaponiya peyvənd və tibbi avadanlıqların ixracını qadağan etdi. Fevral ayında Rusiya Federasiyasından 48 fiziki və 73 hüquqi şəxs sanksiya siyahısına daxil edilib. Aprel ayından etibarən Yaponiyadan Rusiyaya polad, dron və aviasiya komponentlərinin ixracı qadağan edilib. Mayın sonunda Yaponiya Rusiyadan 17 fiziki şəxs və 78 təşkilatı sanksiyalar siyahısına daxil etdi. İxrac məhdudiyyətləri MegaFon və KamAZ-a təsir etdi və digərlərinə şamil edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.