Xəbər verdiyimiz kimi Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdu telefon danışığında Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan da daxil olmaqla, 3+3 formatı kimi regional məsləhətləşmələrin gələcək inkişafında maraqlı olduqlarını bildiriblər. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bunun fonunda bu günlərdə İranın Astara şəhərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşanın sədrliyi ilə Azərbaycan-İran İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib. Müzakirələrdə regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının, eləcə də enerji layihələrinin inkişafı diqqət mərkəzində olub.
O cümlədən, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə onun Naxçıvan Muxtar Respublikasını İran ərazisindən birləşdirəcək Zəngəzur dəhlizinə alternativ yol layihəsinin icrasını sürətləndirmək barədə razılığa gəliblər. Layihənin icrasına dair memorandum ötən ilin martında imzalanıb. Tərəflər, həmçinin İran ərazisində Astara yük terminalının tikintisinin 2024-cü ilin sonunadək başa çatdırılması və Astaraçay çayı üzərindən avtomobil körpüsündə gömrük və sərhəd infrastrukturunun yaradılmasını müzakirə ediblər. Bundan əlavə, Azərbaycan baş nazirinin müavini və İran naziri sərhədyanı su elektrik stansiyalarının və Xudafərin, Qız Qalası və Ordubad-Marazad su elektrik stansiyalarının tikintisinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.