Bölgə qadınlarının məhsulları sapla.az internet mağazasında satışa çıxarılır
“Biz əvvəldən planlaşdırdığımız kimi ucqar kəndlərin qadınlarını da layihəyə cəlb edə bildik. Qısa müddətdə gözlədiyimizdən daha yaxşı nəticələr əldə etdik. ” Bunu kiçik sahibkar Rəbiyyə Məmmədova “Sapla Akademiyası” layihəsinin yekunlarına dair keçirdiyi tədbirdə deyib.
O, sosial layihəsinin icrası və əldə olunan nəticələrlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Məlumata görə, layihə bu ilin əvvəlində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qiymətləndirilib və qalib layihənin reallaşdırılması üçün maliyyə dəstəyi verilib.
Layihənin tam adı: “Sapla” Akademiyası. Cənub bölgəsində qadın sahibkarların bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə texniki dəstəyin göstərilməsi, məhsul və xidmətlərin satışı üçün internet saytın(onlayn internet mağaza) hazırlanıb istifadəyə verilməsi”
Layihəyə bu ilin 1 aprelində start verilib və altı ay ərzində icra edilib.
Layihə çərçivəsində çənub bölgəyə səfərlər olunub. Astara, Lənkəran, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında aparılan tədbirlər nəticəsində qadınlara müxtəlif mövzu və məsələlər üzrə təlimlər keçirilib, onların bilik və bacarıqlarının artırılması yönündə tədbirlər təşkil edilib.
Layihə rəhbərinin sözlərinə görə, əslində layihədə 30 qadının iştirakı planlaşdırılımışdı.
“Nəzərdə tutulan büdcə də həmin sayda dəstəyə ehtiyaclı qadınlarımız üçün hesablanmışdı, amma gözlədiyimizdən çox qadının müraciətləri olduğundan biz də həmin rəqəmi 40-a çatdırdıq. Beləliklə, layihədə 40 qadının iştirakını təmin etməklə onlara müvafiq sahə üzrə dəstək verdik ”, R. Məmmədova vurğulayıb.
Qeyd olunub ki, ötən müddət ərzində həmin rayonların qadın sahibkarlarına “Biznes planının yazılması”, “Digital marketinq”, “Soft skills”, “Sosial sahibkarlıq və onun inkişaf perspektivləri” və “Biznesə başlama, hüquqi və maliyyə xidmətlərinin göstərilməsi” mövzusunda təlimlər keçirilib, onların sahibkarlıq fəaliyyətinə texniki dəstəyin verilməsi, təklif etdikləri məhsul və xidmətlərin satışı üçün internet saytı(sapla.az) hazırlanıb və hazırda onlayn internet mağaza aktiv fəaliyyət göstərir. “Layihə sonrası da biz dəstək verdiyimiz 27 xanımla əməkdaşlığımızı davam etdirəcəyik. Bizim hədəflərimiz ölkədən xaricdə məhsullara əcnəbi müştərilər cəlb etməkdir”, Məmmədova əlavə edib.
Layihənin digər mərhələsində məişət zorakılığına məruz qalmış qadınların sosial və işgüzar reabilitasiyasına da töhfə verilib. Belə ki, həssas qrupdan olan xanımlara dərzi kursları təşkil olunub, onlara birbaşa geyim və başqa məhsulların sifarişi üçün şərait yaradılıb, öz büdcələrini yaratmaq imkanları verilib.
Layihə çərçivəsində həmçinin Lənkəran bölgəsinə edilən səfərlər zamanı həmin rayonların sakinləri olan qadınlarla görüşlər təşkil olunub, onların vəziyyəti də qiymətləndirilib. Xüsusən, sosial problemləri olan, bir çox məsələdə hüquqi dəstəyə ehtiyacı olan xanımların müraciətləri qeydə alınıb və aidiyyatlı dövlət orqanlarına çatdırıılıb.
Qeyd edək ki, layihənin davamlı və dayanıqlı olması arzuolunandır. Gələcəkdə də qadınların peşə və biznes bacarıqlarının təmin olunması, təkminləşdirilməsi əsas fəaliyyət istiqaməti olacaq.
Tədbirin sonunda layihənin icrasına dair videoçarxlar nümayiş olunub, sapla.az internet mağazası ilə yanaşı, yeni yaradılan “sapla.handmade” brendi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Yaxın günlərdə həmin brendin əl işlərindən ibarət məhsulları da satışda olacaq.
Raminə Eyvazqızı